close

MFL-in yeni mövsümünə qeydiyyat başladı!

24 Dekabr 2021

Pandemiya səbəbindən yaranmış uzun fasilədən sonra Azərbaycanın ən böyük həvəskar futbol liqası olan MFL 2021-2022-ci mövsümündə iştirak etmək istəyən komandaların qeydiyyatının başladığını elan edir.

Əsas mövsümün formatı:

Bu mövsüm beş ay davam edəcək Liqada 60 komandanın iştirakı planlaşdırılır. Bunlardan 56 komanda qeydiyyat haqqını tam ödəməklə turnirə qatıla bilər, 4 komanda isə “Muğanbank”-ın sponsorluğu ilə keçirilən təsnifat mərhələsində qalib gəldiyi üçün liqada pulsuz iştirak etmək hüququ qazanacaq.

MFL 2021-2022-ci mövsümündə iştirak edən komandalar hər birində 15 komanda olmaqla 4 qrupa bölünəcəklər. Komandalar aralarında bir dəfə görüş keçirəcəklər. Cavab oyunları nəzərdə tutulmur.

Hər qrupdan 4 komanda olmaqla 16 komanda play-off mərhələsinə vəsiqə qazanacaq.

Reqlament:

Heyətində minimum 8, maksimum isə 16 oyunçu olan istənilən komanda qeydiyyatdan keçə bilər. Onlardan ən azı 2-si qapıçı olmalıdır. 

Komandanın kapitanı və vitse-kapitanı da göstərilməlidir. Eyni zamanda bir və yaxud iki məşqçi də sifariş verilə bilər. 

Oyun zamanı meydanda 5 sahə oyunçusu və 1 qapıçı olacaq.

Texniki zonada 2 məşqçi, eyni zamanda adları sifariş vərəqəsində göstərilən və Təşkilatçı tərəfindən komandanın üzvü kimi qeydiyyata alınan oyunçular dayana bilər.

Qeydiyyat üçün ödəniş

Qeyri-korporativ ad altında çıxış edən (şirkət adı olmayan) komandalar 850 manat qeydiyyat haqqı ödəməlidirlər.

Korporativ ad altında çıxış etmək istəyən komandalar isə (misal üçün, sponsorluq edən şirkətin adı altında) 1700 manat ödəməlidirlər.

Əsas mövsümə peşəkarların buraxılması

Aşağıda sadalanan hallar istisna olmaqla, MFL-də hər hansı futbol, futzal və çimərlik futbolu üzrə rəsmi peşəkar turnirlərdə iştirak etmiş (hər hansı komandanın rəsmi ərizəsində, o cümlədən hakimin protokolunda yer alan) futbolçuların iştirakı qadağandır.

İstisnalar:

- 2018-2019-cu il (daxil olmaqla) mövsümündən əvvəl Azərbaycanın Futzal üzrə Birinci Liqasında iştirak etmiş istənilən sayda oyunçuların

- 2019-2020-ci il mövsümündə Azərbaycanın Futzal üzrə Birinci Liqasında iştirak etmiş 2 (iki) oyunçunun;

- 2020-2021-ci və ya 2021-2022-ci il mövsümlərində Azərbaycanın Futzal üzrə Birinci Liqasında iştirak etmiş 1 (bir) oyunçunun;

- 2016-2017-ci il (daxil olmaqla) mövsümündən əvvəl böyük futbolda (Yüksək və Birinci Liqa) və Futzal üzrə Yüksək Liqada iştirak etmiş istənilən sayda oyunçunun;

- 2016-2017-ci (daxil olmaqla) ildən əvvəl çimərlik futbolunun rəsmi oyunlarında iştirak etmiş oyunçuların iştirakına icazə verilir.

Liqada 16 yaşı tamam olmuş şəxslər iştirak edə bilər.

Reqlamentə uyğun gəlməyən oyunçuların (“lipaların”) aşkarlanması

Komandanın oyunçuları mövsüm öncəsi və turnirin gedişatı zamanı yoxlanılır. Komandanın heyətində sifariş olunmuş oyunçulardan mövsüm ərzində saxtalaşdırılma və ya Qaydalara uyğun olmaması aşkarlanarsa, məsuliyyəti komanda daşıyır.

Komandada Qaydalara uyğun olmayan 1 və ya 2 oyunçu aşkarlanarsa həmin oyunçular turnirdən uzaqlaşdırılır, komandanın xalları isə silinmir.

Komandada bu Qaydalara uyğun olmayan 3 oyunçu aşkarlandıqda isə komandanın özü turnirdən kənarlaşdırılır, bütün oyunlar (keçirilmiş oyunlar da daxil olmaqla) üzrə 0-3 hesablı texniki məğlubiyyət verilir.

Komandanın turniri könüllü olaraq tərk etməsi və yaxud onun diskvalifikasiya edilməsi

- Bütün oyunlara görə (keçmiş və qarşıdakı) komandaya 0-3 hesablı texniki məğlubiyyət verilir.

- Turnirdən çıxan zaman qeydiyyat haqqı geri qaytarılmır.

Turnirin mükafat fondu

Mükafat fondu aşağıdakı kimidir:

- Qalib 10.000 manat alacaq,
- İkinci yerin qalibi 2.000 manat,
- Üçüncü yeri tutan komanda növbəti mövsümdə pulsuz çıxış etmək hüququ qazanacaq,
- Ən yaxşı bombardir, qapıçı, assistent və ən dəyərli oyunçu isə 200 manat pul mükafatı qazanacaq.

Suallarınız varsa zəng edə və yaxud mesaj göndərə bilərsiniz:

Telefonlar: (055) 716-34-94

E-mail: [email protected]