close

“Surə Su MFL Kuboku”nda yarımfinalçılar məlum oldu - NƏTİCƏLƏR

11 May 2021

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan MFL-də futbol həyəcanı davam edir.

Yeni mövsümün ilk turniri olan “Surə Su MFL Kuboku”nda 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

İlk olaraq meydana “Bizon Energy” ilə “Galaxy FK” komandaları çıxıblar. İlk görüşdə rəqibinə 4:1 hesabı ilə qalib gələn “Galaxy FK” cavab qarşılaşmasından da 5:3 hesabı ilə qalib ayrılaraq adını ilk olaraq yarımfinala yazdırıb.

Azarkeşlər “Peçat Dönər” və “İsma Baku” komandalarının görüşünü də böyük səbirsizliklə gözləyirdirlər. Buna səbəb isə komandalar arasında keçirilən ilk görüşdə 2:2 hesablı bərabərliyin qeydə alınması idi. Cütün taleyi cavab matçında həll olunub. Rəqibini 7:1 hesabı ilə darmadağın edən “İsma Baku” sevinən tərəf olub.

Qızıl medallara əsas namizədlərdən olan “BOS Shelf” və “Beerbaşa” komandalarının görüşü xüsusilə gərgin mübarizə şəraitində keçib. İlk oyunda rəqibinə 3:0 hesabı ilə qalib gələn “Beerbaşa” cavab görüşünü də öz xeyrinə başa vurmağı bacarıb – 2:0.

“Borçalı FK” və TCS komandaları arasında cavab görüşü isə yenə birincilərin xeyrinə başa çatıb. İlk matçda rəqibinə 6:3 hesabı ilə qalib gələn “Borçalı FK” cavab oyunundan 4:2 hesablı qalibiyyətlə ayrılaraq adını yarımfinal mərhələsinə yazdıran dörd komandadan biri olub.

Beləliklə, yarımfinal mərhələsində “Galaxy FK”, “İsma Baku”, “Beerbaşa” və “Borçalı FK” komandaları mübarizə aparacaqlar. Yarımfinal mərhələsinin cütlüklərini təqdim edirik:

“Beerbaşa” - “Borçalı FK”

“Galaxy FK” - “İsma Baku”

Qeyd edək ki, yarımfinal mərhələsinə vəsiqə qazanmış komandalar arasında ilk oyun mayın 12-də, cavab görüşü isə mayın 17-də keçiriləcək. İki oyunun nəticəsinə görə üstün olan komandalar həlledici - final görüşünə vəsiqə qazanacaqlar. Məğlub olan komandalar isə üçüncü yer uğrunda mübarizə aparacaqlar.

Turnirin qalibi olan komanda pul mükafatı, kubok və medallarla, ikinci və üçüncü yerləri tutan komandalar isə pul mükafatı və medallarla  mükafatlandırılacaqlar.

SPONSORLAR