close

“Surə Su MFL Kuboku”nda ikinci turun oyunları keçirildi - NƏTİCƏLƏR

03 May 2021

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan MFL-də futbol həyəcanı davam edir.

Yeni mövsümün ilk turniri olan “Surə Su MFL Kuboku”nda ikinci turun oyunları keçirilib. Bu turda da azarkeşlər bir-birindən maraqlı və gərgin mübarizə şəraitində keçən görüşlərə şahidlik ediblər.

A qrupunda meydana ilk olaraq “Ceyhun” və “Galaxy FK” komandaları çıxıblar. Rəqibinin qapısından iki cavabsız top keçirən “Galaxy FK” növbəti qələbəsini qazanıb. “Maisan” – TCS görüşü isə 3:4 hesabı ilə ikincilərin xeyrinə başa çatıb.

İkinci turdan sonra A qrupuna əvvlki kimi “Galaxy FK” və “TCS” komandaları başçılıq edirlər. Sonrakı yerlərdə “Maisan” və “Ceyhun FK” komandaları qərarlaşıb.

B qrupunda “Khazar” komandası 12:4 hesabı ilə “Sputnik”-i darmadağın edib. Qrupun digər oyununda ilk turda rəqibini darmadağın edən “Borçalı” eyni uğuru “Bizon Energy” ilə görüşdə təkrar edə bilməyib və meydandan məğlub ayrılıb – 1:3.

İkinci turdan sonra “Khazar” klubu qrupda liderliyə yüksəlib. “Bizon Energy” ikinci, liderliyi əldən verən “Borçalı” üçüncü, “Sputnik” komandası isə sonuncu – dördüncü sırada qərarlaşıb.

C qrupunda “Beerbaşa” - “İsma Baku” oyunu da gərgin mübarizə şəraitində keçib. Sonda rəqibini 4:3 hesabı ilə məğlub edən “Beerbaşa” qrupdakı liderliyini qoruyub. Qrupun digər görüşündə isə “Khansport” rəqibi “Hövsan OİK”dən 5-2 hesabı ilə üstün olub.

İkinci turdan sonra “Beerbaşa” əvvəlki kimi C qrupuna başçılıq edir. “İsma Baku” ikinci, “Khansport” üçüncü, “Hövsan OİK” isə dördüncü sıranı tuturlar.

D qrupunda “BOS Shelf” - “Peçat Dönər” görüşü də gərginliyi ilə seçilib. Sonda rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacaran “Peçat Dönər” meydandan üç xalla ayrılıb. Qrupun digər qarşılaşmasında isə “Darul Hikmət”lə “Qaradağ Lökbatan” üz-üzə gəlib. Qollu keçən qarşılaşmada hərəyə dörd dəfə fərqlənən komandalar meydandan sülhlə ayrılıblar.

İkinci turdan sonra D qrupunda da lider dəyişib. Belə ki, “Peçat Dönər” ilk pilləyə yüksəlib. Əvvəlki lider BOS Shelf ikinci pilləyə enib. “Qaradağ Lökbatan”la “Darul Hikmət” komandaları isə əvvəlki kimi müvafiq olaraq üçüncü və dördüncü sırada qərarlaşıblar.

Turnirin bombardirləri siyahısına TCS komandasının oyunçusu İlkin Vəlizadə başçılıq edir. O, iki turda rəqib komandaların qapısından 8 top keçirib. “İsma Baku”-dan Nəsib Əliyev 6 qolla ikinci, “Khansport”dan Valeh Seyidov isə 5 qolla üçünü sırada yer alıb.

Qeyd edək ki, qrup oyunları üç turu əhatə edəcək və yekunda öz qruplarında ilk iki yeri tutan komandalar 1/4 final mərhələsində çıxış etmək hüququ qazanacaqlar. 1/4 (8 oyun) və 1/2 (4 oyun) final mərhələsində komandalar ev və səfər oyunu olmaqla iki dəfə qarşılaşacaqlar. Üçüncü yer uğrunda oyun və final görüşü isə bir dəfə keçiriləcək.

Turnirin qalibi olan komanda pul mükafatı, kubok və medallarla, ikinci və üçüncü yerləri tutan komandalar isə pul mükafatı və medallarla  mükafatlandırılacaqlar.

SPONSORLAR