close

MFL-in Fair Play kodeksinin 10 qızıl qaydası

12 Noyabr 2019

Azərbaycanın ən böyük həvəskar futbol liqası olan MFL-in saytında Fair Play kodeksinin 10 qızıl qaydası yerləşdirilib.

Qeyd edək ki, “Ədalətli oyun” mənasını verən bu kodeks idmanda etik və əxlaqi prinsipləri əhatə edir.

Fair Play prinsiplərinə əməl edən idmançılar yüksək insani keyfiyyətlərə malik olduqlarını nümayiş etdirməklə azarkeşlərin və ictimaiyyətin böyük rəğbətini qazanırlar. Buna görə də bəzi hallarda idmançılar ədalətli oyunu, rəqibə qarşı hörmətlə yanaşmağı hətta qələbədən belə üstün tuturlar.

On qızıl qayda təkcə ümumdünya rəhbər futbol təşkilatı kimi FİFA-nın əqidəsini əks etdirmir, həmçinin, dünya futbol ailəsinin üzvləri arasında yoldaşlıq və əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edir.

FIFA tərəfindən hətta Fair Play mükafatı da təsis olunub. Bu mükafat Fair Play ruhunda və təbliğində olan nümunəvi davranışı qiymətləndirən mükafatdır. İlk dəfə 1987-ci ildə təqdim olunan bu mükafat həm fərdi, həm də komanda, azərkeşlər, tamaşaçılar, futbol federasiyaları/assossasiyaları, futbol icmasına təqdim edilə bilir.

Ədalətli oyun prinsiplərinə hər zaman sadiq qalan və bunu təşviq edən MFL komandası təşkil etdiyi turnirlərin bu prinsiplər əsasında keçirilməsinə xüsusi səy göstərir. Təsadüfi deyil ki, bu mövsüm ilk dəfə olaraq “Fair Play” mükafatı təsis olunub.

Adından da göründüyü kimi, mövsüm ərzində ən az sarı və qırmızı kart alan, yəni ən intizamlı komanda “Sabah” futbol klubu tərəfindən xüsusi mükafat almaqla yanaşı, növbəti mövsüm Liqada pulsuz iştirak etmək hüququ qazanacaq.

Beləliklə, Fair Play kodeksinin 10 qızıl qaydası ilə aşağıda tanış ola bilərsiniz.

“On qızıl qayda” 

Fair Play kodeksi

1.  Ədalətli oyun

Ədalətsiz oyunda əldə olunmuş qalibiyyətin dəyəri heçə enir. Aldatmaq asandır, lakin bu sevinc gətirmir. Ədalətli oyun cəsarət və xarakter nümayişi tələb edir. Bu məmnunluq hissi bəxş edir. Ədalətli oyun hər zaman, hətta oyunu uduzduqda belə, müsbət nəticə verir. Ədalətli oyun hər zaman hörmət qazandırdığı halda, aldatma utanc gətirir. Unutmayın ki, futbol sadəcə bir oyundur və ədalətli oynanılmadıqda öz mənasını itirir. 

2.  Qələbəyə oyna, amma məğlubiyyəti də ləyaqətlə qəbul et

Hər bir oyunun məqsədi qələbə qazanmaqdır. Heç vaxt özünüzü məğlubiyyətə kökləməyin. Əgər qələbəyə oynamırsınızsa, bununla rəqibinizi aldadır, azarkeşlərinizi yanıldır və özünüzü axmaq vəziyyətinə qoyursunuz. Heç vaxt güclü rəqibə təslim olmayın, eyni zamanda, heç vaxt zəif rəqibə güzəştə getməyin. Zəif rəqibə qarşı tam güclə oynamamaq ona qarşı hörmətsizlikdir. Final fiti səslənənədək qələbəyə oynayın. Lakin, unutmayın ki, heç bir komanda bütün oyunları uda bilməz. Bəzi oyunları qazanır, bəzilərini uduzuruq. Uduzanda da gözəl uduzmağı öyrənin. Məğlubiyyətə bəhanə axtarmayın. Məğlubiyyətin əsl səbəbi hər zaman bəllidir. Rəqibi qələbə münasibətilə ürəkdən təbrik edin. Hakimi, yaxud başqa kimisə günahlandırmayın. Növbəti dəfə daha uğurlu çıxış etmək üçün qətiyyətli olun. Ləyaqətli məğubiyyət pis qələbədən daha böyük hörmətə layiqdir.

3.  Oyunun qaydalarına riayət edin

İstənilən oyun qaydalara əsasən keçirilir. Qaydalar olmasa, oyun xaosa çevrilər. Futbol oyununun qaydaları sadə və rahat mənimsəniləndir. Qaydaları mənimsədiyinizə əmin olun, bu sizə oyunu daha yaxşı anlamağa imkan verəcək. Qaydaları bilmək ustalığınızı artırmağa köməklik edəcək. Qaydaların ruhunu qavramaq da çox vacibdir. Qaydalar oyunun futbolçu və azarkeşlərə zövq verməsi üçün yaradılmışdır. Qaydalarla oyun daha zövqlüdür. 

4.  Rəqiblərə, komanda yoldaşlarınıza, hakimlərə, rəsmi şəxslərə və azarkeşlərə hörmətlə yanaşın

Ədalətli oyun hörmət deməkdir. Hörmət – oyunumuzun bir parçasıdır. Rəqibsiz oyun olmaz. Hörmət hüququ da daxil olmaqla, hər kəsin hüquqları bərabərdir. Komanda yoldaşları həmkarlardır. Hər kəsin bərabər olduğu bir komanda formalaşdırın. Hakimlər nizam-intizamın qorunmasına və ədalətli oyun prinsiplərinə riayət olunmasına xidmət edirlər. Hər zaman onların qərarlarını mübahisəsiz qəbul edin və oyunu hamı üçün daha cəlbedici etmək işində onlara köməklik göstərin. Oyunlara təyinat alan rəsmi şəxslərə də hörmət olunmalıdır. Stadionda ab-havanı yaradan azarkeşlərdir. Onlar oyunun ədalətli keçirilməsini istəyirlər, lakin, eyni zamanda, özləri də ədalətli olmalı və özlərinə hörmət etməlidirlər. 

5.  Futbol maraqlarını təşviq edin

Futbol dünyanın ən məşhur oyunudur. Lakin daim zirvədəki yerini saxlamaq üçün futbolun hər kəsin köməyinə ehtiyacı var. Futbol maraqlarını şəxsi maraqlarınızdan yüksək tutun. Öz hərəkətlərinizlə bu oyunun nüfuzuna necə təsir edə biləcəyiniz barədə düşünün. Oyunun müsbət tərəfləri barədə danışın. Ətrafınızdakıların tribunalarda və meydanda ədalətli oyun prinsiplərinə riayət etməsinə yardımçı olun. Digərlərinin də futboldan sizin qədər zövq almasına köməklik göstərin. Özünüzü bu oyunun səfiri kimi hiss edin.  

6.  Futbolun təmiz adını qoruyanlara ehtiram göstərin

Futbolun ləkələnməməsi futbolsevərlərin çoxunun vicdanlı və ədalətli olması sayəsində mümkün olmuşdur. Bəzən kimlərsə futbol üçün rəğbətə layiq xüsusi addımlar atır. Onların xidmətləri qiymətləndirilməli və əməlləri geniş kütləyə çatdırılmalıdır. Bu cür əməllər digərlərini də oxşar addımlar atmağa sövq edir. Müsbət əməlləri təbliğ etməklə, futbolun nüfuzunun artmasına öz töhfənizi verin. 

7.  Korrupsiya, narkotiklər, irqçilik, zorakılıq, qumar oyunları və sevdiyimiz idman növünə təhdid yaradan digər təhlükələrə qarşı mübarizə

Futbolun populyarlığının yüksək olması bəzən onu kənar mənfi təsirlərə qarşı həssas edir. Sizi aldatmağa, yaxud narkotik maddə qəbuluna sövq etmək cəhdlərinə qarşı ayıq olun. Narkotiklərə nə futbolda, nə digər idman növlərində, nə də cəmiyyətdə yer yoxdur. Narkotiklərə “Yox” deyin. 

Futbolda irqçilik və fanatizm hallarına qarşı mübarizə aparın. Dini, irqi, cinsi və milli mənsubiyyətindən asılı olmayaraq, bütün futbolçulara və hər kəsə qarşı eyni cür yanaşın. İştirak etdiyiniz oyunların qumara cəlb olunmasına imkan verməyin. Qumara qurşanma hərəkətlərinizə mənfi təsir göstərəcək və maraqların toqquşmasına gətirib çıxaracaq. Futbolun, nə siz, nə də azarkeşləriniz tərəfindən zorakılıq nümayişinə qarşı olduğunu göstərin. Futbol idmandır, idman isə, sülh deməkdir. 

8.  Korrupsiyaya qarşı mübarizədə başqalarına köməklik göstərin

Yoldaşlarınızın, yaxud digər şəxslərin aldatmağa, yaxud qəbuledilməz digər hərəkətlərə sövq olunduğunun şahidi ola bilərsiniz. Bu şəxslərin köməyinizə ehtiyacı var. Onları dəstəkləməkdən çəkinməyin. Müqavimət göstərə bilmələri üçün onlara güc verin. Onlara komanda yoldaşları və futbol qarşısındakı öhdəliklərini xatırladın. Futbol meydançasında müdafiəçilərin birləşərək, güclü müdafiə xətti əmələ gətirdikləri kimi siz də sizinlə həmrəy olan insanlarla birləşin.       

9.  Sevdiyimiz idman növünü nüfuzdan salmağa çalışan insanları qınayın

Başqalarını aldatmağa, yaxud qəbuledilməz digər hərəkətlərə sövq edən insalara qarşı çıxmaqdan çəkinməyin. Onları hər hansı pis əməl törətməzdən öncə ifşa etmək və aradan qaldırmaq lazımdır. Vicdansız hərəkətə göz yummağın özü də vicdansız hərəkətdir. Sevdiyimiz idman növünə zərər vurmağa çalışan insanları, başqalarını yoldan çıxarmazdan öncə ifşa edin.

10.  Daha yaxşı dünya qurmaq üçün futboldan yararlanın

Futbol dünyanı hamı üçün daha yaxş bir məkana çevirəcək sonsuz imkanlara malikdir. Hamı üçün sülh, bərabərlik, sağlamlıq və təhsili təşviq etmək üçün bu güclü platformadan istifadə edin. Futbolu inkişaf etdirin, onu bütün dünyaya yayın və daha qənaətbəxş dünyaya sahib olun.

SPONSORLAR